
15.06.2026
Şirvan-Salyan Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən muzey, kitabxana və Heydər Əliyev mərkəzlərində 15 İyun – Milli Qurtuluş Günü münasibətilə rəsm və kitab sərgisi təşkil olunub, açıq dərs və maarifləndirici görüşlər keçirilib.
Tədbirlərdə çıxış edənlər bildiriblər ki, 15 İyun – Milli Qurtuluş Günü Azərbaycan dövlətçiliyinin qorunub saxlanılması, ölkədə sabitliyin bərqərar olunması və gələcək inkişafın təmin edilməsi baxımından müstəsna tarixi əhəmiyyət daşıyır. Qeyd olunub ki, Ulu Öndər Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə siyasi hakimiyyətə qayıdışı Azərbaycanı dərin ictimai-siyasi böhrandan xilas etmiş, müstəqilliyimizin möhkəmləndirilməsi və davamlı inkişafın təmin olunması üçün möhkəm zəmin yaratmışdır. Çıxışlarda vurğulanıb ki, Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi inkişaf strategiyası bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Həyata keçirilən məqsədyönlü siyasət nəticəsində ölkəmiz bütün sahələr üzrə mühüm nailiyyətlər qazanaraq regionun aparıcı dövlətlərindən birinə çevrilib.
İştirakçılar 15 İyunun Azərbaycan xalqının taleyində mühüm dönüş nöqtəsi olduğunu, bu tarixi günün milli dövlətçilik tariximizin şanlı səhifələrindən biri kimi hər zaman ehtiramla xatırlanacağını bildiriblər.
Sərgilərdə Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətini, eləcə də Azərbaycanın müstəqillik tarixini əks etdirən kitablar və rəsmlər nümayiş olunub.